Fariz Nəcəfov: Qriqorçuka Syomin gedən dövrdə də müqavilə təklif etmişdik
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov ukraynalı mütəxəssis Roman Qriqorçukla danışıqların hazırkı vəziyyətindən söhbət açıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Qriqorçuk hazırda Bakıdadır. O, bizim komandanın "Qarabağ"la son oyununu da izləyib. Oyunun xoşuna gəldiyini gizlətmədi. "Qəbələ"nin təşkilatçılıq işlərini, klubun infrastrukturunu da bəyəndiyini bildirdi. Amma hələ onunla danışıqlarımız davam edir. Yeni baş məşqçimizin Qriqorçuk olacağına inam böyükdür. Hər şeyə yaxın günlərdə aydınlıq gələcək".
Nəcəfov bildirib ki, "Qəbələ" Qriqorçuku daha öncə də sükanı arxasına gətirmək istəyibmiş: "Biz hələ ona yayda bu postu təklif etmək istəyirdik. Həmin vaxt Yuri Syomin istefa verdiyindən, yeni baş məşqçi axtarırdıq. Amma o zaman Qriqorçuk "Çernomorets"də qalmağa üstünlük verdi. Dorinel Muntyanunun gedişindən sonra biz yenidən özümüzə baş məşqçi axtarmağa başlamışdıq. Bu üzdən ilk növbədə yenə Qriqorçuka müraciət etdik. Danışıqlar aparmaq üçün dəvətimizi qəbul edib, buraya gəldi. Təklif olunan ilkin müqavilə müddəti 1,5 ildir. Amma "Qəbələ" daha uzunmüddətli əməkdaşlığın tərəfdarıdır. Ona görə ukraynalı mütəxəssisi də buna razı salmağa çalışırıq. Yaxın günlərdə Qriqorçuk Odessaya qayıdacaq. Müqaviləni rəsmiləşdirəcəyimiz təqdirdə, o, yenidən Bakıya qayıdacaq".