Rəşad Sadiqov: Yığmada ən yaxşı futbolçular oynamalıdır, gənclər yox
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
- "Qarabağ"la oyundan nə gözləyirsiniz?
- Ciddi hazırlaşmışıq. Üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Bəzi liderlərinin yoxluğu, Avropa Liqasındakı son oyununda aldığı psixoloji zərbə, son turdakı "Qəbələ" məğlubiyyəti rəqib düşərgədə müəyyən problemlər yaradıb. Bu, "Xəzər Lənkəran"a kömək edə bilər?
- Zədəlilər bizdə də çoxdur. 5-6 futbolçumuz bu oyunu buraxacaq. Amma biz öz meydanımızda oynayacağıq, motivasiya da kifayət qədərdir. Meydana çıxacaq hər kəs matçın məsuliyyətini dərk edir.
- Qalin İvanovun klubun düşərgəsini gizlicə tərk etdiyi bildirilir. Səbəbini bilmirsiniz?
- Bu suala klub rəhbərliyi və məşqçilər korpusu cavab verə bilər. Mən sadəcə, onu biliriəm ki, İvanov artıq iki gündür bizimlə məşq etmir. Niyə belə olduğundan isə xəbərim yoxdur.
- "Qarabağ"la oyunu sizin üçün 6 xallıq oyun saymaq olar?
- Bəli, belə oyunları məhz 6 xallıq oyun adlandırırlar. Əgər ilk üçlükdə yer almaq, avrokuboklara vəsiqə qazanmaq istəyiriksə, əsas rəqiblərimizə qalib gəlməyimiz lazımdır.
- Bəs ilk üçlükdə kimi sıxışdıra bilərsiniz?
- Biz istədiyimiz kimi oynasaq, qələbələr qazansaq, ilk üçlükdəki istənilən komandanı sıxışdıra bilərik. Komandamızın çempionluq şansını itirdiyini də düşünmürəm. Uğurlu çıxış edəcəyimiz halda ilk pilləyə də yüksələ bilərik.
- Yığmamızın baş məşqçisi Robert Prosineçki bəyan edib ki, XL Premyer Liqada ən yaxşı oyun sərgiləyən klubdu.
- Onda bu fikrin formalaşmasına səbəb bizim "Neftçi" və "Qəbələ"yə qarşı keçirdiyimiz oyunlar oldu. Xorvatiyalı mütəxəssis bu fikirlərində yanılmamışdı.
- Prosineçki millidə gəncləşdirmə siyasəti aparacağını deyir. Düşünmürsüz ki, bu, sizin milliyə dönüşünüzü əngəlləyə bilər?
- Məncə, yığmada hazırda ölkənin ən güclü futbolçuları oynamalıdır, gənclər yox. Bütün dünyada belədir. Hətta 30 yaşı da olsa, kim ən yaxşı futbolçudan imtina edər ki? Əgər gənc futbolçu güclüdürsə, razıyam, oynasın.