Azərbaycan 2014-cü ili 135-ci pillədə başa vurdu
FIFA yığma komandaların 2014-cü il üçün son reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması bir ay öncəki mövqeyində qalıb.
Millimiz ili 135-ci pillədə başa vurub. Komandamızın aktivində 215 reytinq xalı var.
Azərbaycanın AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərindən yalnız Malta mövqeyini dəyişib. "Cırtdan ölkə" yığması bir pillə irəliləyərək 147-ci yerə yüksəlib (166 xal). İtaliya (11-ci pillə, 1103 xal), Xorvatiya (19-cu pillə, 946 xal), Bolqarıstan (66-cı pillə, 506 xal) və Norveç (67-ci pillə, 500 xal) mövqeyini qoruyub.
Türkiyə yığması 604 xalla 49-cu pillədə qərarlaşıb.
İlk 10 pillədə qərarlaşan komandalar isə bunlardır: Almaniya - 1725 xal, Argentina - 1538, Kolumbiya - 1450, Belçika - 1417, Hollandiya - 1374, Braziliya - 1316, Portuqaliya - 1160, Fransa - 1160, İspaniya - 1142, Uruqvay - 1135.
Qeyd edək ki, növbəti reytinq cədvəli 2015-ci ildə, yanvarın 8-də açıqlanacaq.