Qəbələnin qış hazırlıq planı açıqlandı
“Qəbələ”nin qış hazırlıq proqramı müəyyənləşib. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” Topaz Premyer Liqasının 18-ci turunun “İnter”lə dekabrın 21-dəki oyunundan sonra istirahətə buraxılacaq.
Komanda 2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarına 2015-ci il yanvarın 5-də start verəcək. Həmin gün komanda üzvləri Türkiyənin Antalya şəhərində bir araya gələrək məşqlərə başlayacaq. “Qəbələ”nin legionerləri birbaşa qonşu ölkəyə gələcəksə, yerli futbolçular Bakıda toplaşaraq səfərə yollanacaq. Əvvəlki təlim-məşq toplanışlarında olduğu kimi, “qırmızı-qaralar” bu dəfə də Antalyanın Belek bölgəsində yerləşən “Qloriya Sereniti” otelində məskunlaşacaq. Türkiyə hazırlıqları iki mərhələdən ibarət olacaq. Yanvarın 5-dən 17-dək məşq edəcək komandaya iki günlük istirahət veriləcək. Toplanışın ikinci mərhələsi ayın 20-dən 29-dək davam edəcək. “Qəbələ” hazırlıq çərçivəsində 7 yoxlama oyunu keçirəcək. Bunlardan 3-ü 1-ci, 4-ü 2-ci mərhələdə baş tutacaq. Oyunların günləri və sınaqçı rəqiblərin tam siyahısı yaxın günlərdə dəqiqləşəcək. Antalya toplanışını başa vurub, Bakıya qayıdacaq komanda 19-cu turun qarşılaşmasına hazırlıqları paytaxtda tamamlayacaq.
Qeyd edək ki, “Qəbələ” 2015-ci ildə ilk rəsmi oyununu fevralın 1-də səfərdə “Bakı”ya qarşı keçirəcək. (klub saytı)