Qurban Qurbanov: Fiziki cəhətdən hazır deyilik
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bolqarıstanın "Levski" klubuna qarşı yoxlama oyunundan (0:3) sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
"Levski"yə qarşı oynamaq çətin idi. Düşündüyümüz oyunu göstərə, topa nəzarət edə bilmədik. Bu gün üçün oyunçularımızın hazırlıq səviyyəsi fərqlidir. Buna görə də komandanın heyətini balanslaşdırmaq çətindir. Nə qədər çox səhv buraxırıqsa, görüləcək işlərimiz də bir o qədər çox səhv olur. Qarşıda daha bir həftə hazırlıq dövrü var. Bu müddət ərzində üç yoxlama oyunumuz olacaq. Son oyuna qədər futbolçuları optimal formaya salmağa çalışacağıq".
"İstənilən məğlubiyyət bizim üçün arzuolunmazdır. İstər 0:1, istərsə də 0:3. Meydana həmişə qələbə üçün, ən azı nəticə qazanmaq üçün çıxırıq".
"Futbolçuya penaltini qola çevirə bilmədiyinə görə irad bildirmək düzgün deyil. Onlar penaltini düzgün yerinə yetirdilər, biz isə yox. Deməzdim ki, bizim oyunçumuz pis vurdu. Sadəcə, rəqib qapıçı yaxşı təsir bağışladı".
"Biz hazırda fiziki cəhətdən tam hazır deyilik. Futbolçuların fərdi hazırlığı da istənilən səviyyədə deyil".
"Namiq Yusifovla oyundan sonra nə danışırdıq? Ona oyunla bağlı öz fikirlərimi bildirdim".