Miron Markeviç: Qarabağa görə üzgünəm
Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Azərbaycan yığmasının Donetsk "Şaxtyor"u ilə Antalyada keçirilmiş yoxlama oyununu canlı izləyib. Matçın fasiləsində isə o, azerisport.az saytının suallarını cavablandırıb.
- Bu oyunu izləməyinizin səbəbi Ukrayna çempionatındakı rəqibinizi iş başında görməkdir, ya Azərbaycan yığmasının hansısa üzvü ilə maraqlanırsınız?
- İlk növbədə futbola baxmağa gəlmişəm. Komandamız da yaxınlıqda təlim-məşq toplanışındadır. Həm də Azərbaycan yığmasının heyətində bizə kifayət qədər yaxşı tanış olan "Qarabağ"ın futbolçuları var.
- Birinci hissə barədə nə deyə bilərsiniz?
- Yaxşı oyundur, hər iki komanda hücum edir. Nəticə oyuna görədir. İkinci hissədə nə olacağını isə görəcəyik.
- Sizə elə gəlmir ki, "Dnepr" Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın yerini tutdu və bu, hakim səhvi nəticəsində alındı?
- Mən başa düşürəm ki, Azərbaycanda "Qarabağ"ı növbəti mərhələyə çıxmağa layiq hesab edirlər. Mən də bu fikirləri bölüşürəm, onlara görə üzülürəm. Amma burada digər məqamları da nəzərə almaq lazımdır. Məsələn, Milan "İnter"i ilə oyunumuzda hesab 1:0 bizim xeyrimizə olarkən penaltini dəyərləndirsəydik, son turda bizə heç nə lazım olmayacaqdı.
- Azərbaycan yığmasında və "Qarabağ"da Ukraynanın aparıcı klublarında oynaya biləcək futbolçular var?
- Əlbəttə, var. Azərbaycan futbolunun ənənələri var. Ölkə futbolu son illərdə xeyli irəliləyişə nail olub. Bakıda olarkən bazaları, stadionları gördüm və hər şey xoşuma gəldi. Əgər bu templə davam etsələr, nəticələr daha da yaxşı olacaq.
- Ukraynadakı hadisələr ölkə futboluna nə dərəcədə təsir göstərir?
- Təbii ki, mənfi təsir göstərir. Baş verənləri ürək ağrısı ilə izləyirik. Bizə ancaq hər şeyin tezliklə bitəcəyinə ümid etmək qalır.