Andrey Popoviç: İki il əvvəl yığmada qapıçılarla bağlı belə rəqabət yox idi
Azərbaycan yığmasının qapıçısı Andrey Popoviçin azerisport.az saytına müsahibəsi
- Ukrayna "Şaxtyor"u ilə oyun barədə nə deyə bilərsiniz?
- Uzun fasilədən sonra yığmaya qayıtdığım üçün şadam. Bu, ilk növbədə. İkincisi, "Şaxtyor" kimi güclü komandaya qarşı mübarizə aparmaq həmişə xoşdur.
- Siz Ukrayna futbol məktəbinin yetirməsisiniz. "Şaxtyor"a qarşı oyun sizin üçün xüsusi əhəmiyyət daşımırdı?
- Mən nəinki Ukrayna futbolunun yetirməsiyəm, həm də Donetskdə oynamışam. Amma "Metallurq"da. Əlbəttə, bu komandalar arasında "Milan" və "İnter" arasındakı kimi "düşmənçilik" yoxdur. Amma rəqabət hiss olunur. Donetsk derbilərində də həmişə gərgin mübarizə görmək olur.
- Duqlas Kostadan buraxdığınız qolla bağlı nə deyə bilərsiniz?
- Həmin topa çata bilərdim. Duqlasın solaxay olduğunu bilirdim. Yəqin ki, onun sağ ayaqla zərbə vurmağa hazırlaşması məni çaşdırdı.
- Komandanın oyunu sizdə necə təsir bağışladı?
- Oyun xoşuma gəldi. Hər kəs Robert Prosineçkiyə özünü göstərməyə çalışırdı. Hamı yığmada oynamağa layiq olduğunu sübut etmək istəyir. Düzünü deyim ki, "Şaxtyor" oyuna güclü pressinqlə başlayanda onları dayandırmağın mümkün olmayacağını düşündüm. Amma biz onların qarşısını ala bildik, inamlı oynadıq, ötürmələrdən istifadə edirdik, top saxlayırdıq. Topu hara gəldi vurmurduq.
- Sizə elə gəlmir ki, hazırda yığmanın qapıçı xətti ən güclü rəqabət olan mövqelərdəndir? Çünki sizinlə yanaşı Səlahət Ağayev, Emil Balayev və Kamran Ağayev də var...
- Aqil Məmmədovu da unutmayın. Doğrudan da rəqabət çox güclüdür. İki il əvvəl belə rəqabət yox idi. Amma mən istənilən rəqabətə alışmışam.