Bədavi Hüseynov: Millimiz hələ yaxşı formada deyil
Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi
- Antalya toplanışı necə keçdi?
- Normal. Türkiyədə yığmamız üçün ideal şərait yaradılmışdı. Fikrimcə, hər kəs bu toplanışdan razı qaldı.
- Bu, Robert Prosineçkinin rəhbərliyi altında ilk toplanış idi...
- Fikrimcə, yeni baş məşqçi ilə ilk toplanış uğurlu alındı. O, çox səmimi insandır. Məşq prosesi zamanı bizi dəstəkləyirdi. Məşqləri də maraqlı alınırdı. Daha çox hücum üzərində çalışırdıq.
- Yığmamız cəmi bir yoxlama oyunu keçirdi, onda da Ukrayna "Şaxtyor"una məğlub oldu - 1:2.
- Rəqibimiz çox güclü idi. Bunu hamı bilir. Amma oyun çox maraqlı alındı. Biz hücum etməyə, qol vurmağa, təhlükəli vəziyyətlər yaratmağa çalışdıq. Bir epizodda istəyimizə çatdıq. Amma "Şaxtyor" öz səviyyəsini göstərdi. Bu, bizim ilk toplanışımız idi. Qarşıda hazırlıq üçün yenə vaxtımız olacaq. Əsas odur ki, nəyin üzərində çalışmalı olduğumuzu bildik. Komanda olaraq hələ yaxşı formada deyilik.
- Yığmamız seçmə mərhələ oyunlarında da hücum futbolu sərgiləyə biləcək?
- Əgər qələbə qazanmaq istəyiriksə, hücumlar qurmağa məcburuq. Qarşıda bizi Malta ilə oyun gözləyir. Bu oyuna hazırlıq üçün vaxt var. Rəqibimiz ciddi komandadır. Amma istənilən halda qələbə qazanmalıyıq.
- Sizcə, Prosineçki yığmamıza fayda verə biləcək?
- Bəli. Sadəcə, ona vaxt vermək lazımdır. Bir dəqiqənin içində hər şeyi dəyişmək olmaz.
- "Qarabağ"ın növbəti çempionluğu təmin etdiyini indidən demək olar?
- Bu barədə danışmaq çox tezdir. Hər şey qabaqdadır. Sonadək oynayacağıq.
- Klubunuzun ispaniyalı vinger Dani Kintano ilə müqavilə bağlamağa hazırlaşdığı bildirilir. Siz bu barədə nə düşünürsünüz?
- Bu barədə nəsə deyə bilmərəm. Çünki ətraflı məlumatım yoxdur. Heç onun "Qarabağ"da oynayacağını da bilmirəm. Komandamızın ispan futbolçu transfer edəcəyini sizdən eşitdim. Ümid edirəm ki, komandamıza faydalı olar.