Rəşad Sadıqov: Tənqidi suallarınızı oyundan sonraya saxlayın
Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az komandamızın lider futbolçusunun fikirləri ilə tanış edir.
"Kapitan olaraq hesab edirəm ki, indiki zamanda birləşməyimiz lazımdır. İstəməzdim ki, kimlərsə bizdən incisin. Ölkədə 60-70 futbolçu var, onların hamısını milliyə dəvət etmək olmaz. Bütün tənqidi suallar bizə mənfi təsir edir. Düzdür, biz zəifik, nəticələrimiz pisdir. Amma gəlin oyun öncəsi pozitiv olaq. Tənqidlərinizi oyundan sonraya saxlayın.
Ağır oyun olacaq. Maltanın Tiflisdəki yoxlama oyununun birinci hissəsində Gürcüstan cəmi bir təhlükəli vəziyyət yarada bilib. Ona görə də hər şeyə hazır olmalıyıq. Bizdə yeni baş məşqçi, yeni sistem var. Bu üzdən uğurlu start vermək vacibdir.
Berti Foqts kimi, Robert Prosineçki də heyəti müəyyənləşdirərkən mənimlə məshələtləşməyib. Mən futbolçuyam. Baş məşqçi buna borclu deyil.
Prosineçki bizə uyğun olan oyun üslubuna üstünlük verir. Biz məğlubiyyət haqda düşünmürük".