Endryu Hoqq: Maltanın yox, Azərbaycanın qələbəsi sensasiya olacaq
Malta yığmasının qapıçısı Endryu Hoqq AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Matçdan nə gözləyirsiniz?
- Azərbaycan yığmamız üçün ciddi rəqibdir. Həm də biz səfərdə oynayacağıq. Bu, bizim hədəfimizə çatmağı çətinləşdirən məqamlardandır. Amma futbol planında mənə elə gəlir ki, Malta Azərbaycanı qabaqlayır. İstənilən halda, biz turnir cədvəlində rəqibimizdən öndəyik.
- Siz bu oyundan öncə Tiflisdə Gürcüstan yığması ilə yoxlama görüşü də keçirdiniz və 2 cavabsız qolla məğlub oldunuz...
- Biz öncədən də bilirdik ki, gürcülərə məğlubiyyətdə qorxulu heç nə yoxdur. Əsas Azərbaycana qalib gəlməkdir.
- Azərbaycan yığmasında sizin tanıdığınız futbolçular var?
- Düzünü desəm, yox. Gürcüstan yığmasında Merebaşvili və Loriya oynayır ki, onları tanıyırdım. Amma Azərbaycan yığmasında tanıdığım yoxdur.
- Maltanın Bakıdakı oyunda sensasiyaya imza atmağa hazırlaşdığını demək olar?
- Bizim burada qələbə qazanmağımız sensasiya olmayacaq. Niyə sensasiya olmalıdır ki? Azərbaycan bizdən elə də güclü deyil. Həm də qeyd etdiyim kimi, biz qrupda daha üst pillədəyik, nəinki Azərbaycan yığması. Bizim yox, Azərbaycanın qələbəsi sensasiya olacaq.
- Yığmanın əsas qapıçısı siz olacaqsınız?
- Buna baş məşqçi qərar verəcək.