Robert Prosineçki: Hələ hər şey bizim istədiyimiz kimi deyil
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı oyunu şərh edib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 2:0 hesablı qələbə ilə bağlı öncə bunları söyləyib:
- Komandamız seçmə mərhələyə pis başlamışdı. Bu üzdən Malta ilə oyunda qələbə bizə çox lazım idi. Komanda üzərində psixoloji təzyiq var idi. Məhz buna görə bütün oyunu hücum qura, meydanda dominantlıq edə bilmədik. Üstəlik, komandada debütantlar da var idi. Komanda bütün tapşırıqları yerinə yetirdi və erkən qol vurmağı bacardı. Amma hələ hər şey bizim istədiyimiz kimi deyil.
- Məhəmməd Qurbanovu nə əcəb meydana buraxmadınız?
- Bizi çətin oyun gözləyirdi. Hiss edirəm ki, jurnalistlər meydana kimi buraxmağımla bağlı mən məsləhət verməyə çalışırlar. Amma kimi meydana buraxacağıma mən qərar verirəm.
- Arif Daşdəmirovla Əfran İsmayılovun çox pis təsir bağışlaması ilə razısınız?
- Razı deyiləm. Hər ikisi yaxşı oynadı. Düzdür, top itkiləri var idi, amma futbolda bunlarsız ötüşmək olmur. Əfran Azərbaycanın ən yaxşı futbolçularından biridir. O, daha yaxşı oynaya bilər. Mən onun barəsində yüksək fikirdəyəm. Bəs Cavid Hüseynovla bağlı niyə sual vermirsiniz? Ondan belə oyun görmüşdünüz? Səviyyəsindən çox üstün oynadı. Mən mənfi suallardan qorxmuram, amma müsbət suallar da vermək olar.
- Əmirquliyev daha çox dağıdıcı funksiyasını yerinə yetirsə də, bu oyunda yaradıcı kimi oynayırdı. Sizin bu addımı atmağınıza səbəb nə idi?
- Son dörd ayda Rahidin ifasında bir neçə oyun izləmişdim. O, daim sabit oynamağı bacaran futbolçulardandır. Peşəkar futbolçudur və harada oynamasından asılı olmayaraq, hər şeyi düzgün yerinə yetirir. Müsbət xarakterli insan, əla futbolçudur.
- Malta yığmasının ikinci hissədə yaxşı oynaması sizi təəccübləndirdi?
- Hələ matçdan öncə də bildirmişdim ki, çətin oyun olacaq. Maltanın İtaliya və Xorvatiyaya qarşı oyunlarını da izləmişdim. Onlar layiqli təsir bağışlamışdılar. Rəqib qətiyyən zəif komanda deyildi.
- Namiq Ələsgərovun zədəsi nə dərəcədə ciddidir?
- Hələ buna tam aydınlıq gəlməyib. Ümid edirəm ki, ciddi heç nə yoxdur. O, oyuna çox yaxşı başlamışdı. Namiqin böyük potensialı var.
- Bu oyun iyun ayında baş tutacaq Norveçlə səfər matçında müsbət nəticəyə ümid verir?
- Vaxtımız var. Ümid edirəm ki, iyun aydında futbolçularımızın fiziki hazırlığı uğurlu oyuna və nəticəyə yetərli olacaq.
- Rəqibin hesabı bərabərləşdirəcəyi halda B planınız var idi?
- Bu oyunda mümkün olan hər şey baş verdi. Hər bir baş məşqçinin B planı olur. Amma bunu indi açıqlaya bilmərəm. Çünki qarşıda da oyunlarımız var.
- Bu oyun sxemi Malta ilə matç üçün nəzərdə tutulmuşdu, ya daimi olacaq?
- Rəqibi yaxşı analiz etmişdik. Bütün oyunlarını izləmişdik və zəif cəhətlərini bilirdik. Cinahlarda zəif olduqlarından xəbərdar idik. Bundan da yararlandıq. Sabahdan artıq Norveçlə oyunun hazırlığına başlayacağıq. Həmin oyunda hansı taktika ilə oynayacağımıza əlimizdəki materiala əsasən baxacağıq.
- Bəzi təcrübəli oyunçular ehtiyatda qalmışdı. Artıq gəncləşdirmə siyasətinə start vermisiniz?
- Azərbaycanda gənc istedadlar az deyil. Kapitan Rəşad Sadıqov özünü yaxşı tərəfdən göstərdi. Zəif oynamadı. O, komandanın lideri və kapitanıdır. Bundan sonra da komandaya kömək edə bilər. Onun zəif oynadığı ilə bağlı fikirlərlə razı deyiləm.