Qara Qarayev: Taktikamız faydalı oldu
Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi
- Millimiz nəhayət ki, uğursuz gedişata son qoydu, Maltaya qalib gəldi. Təəssüratlarınız?
- Çox istəyirdik ki, qələbə qazanaq. Çünki buna qədər heç bir qələbəmiz, xalımız yox idi. Ümid edirəm ki, bu oyun dönüş nöqtəsi olacaq və seçmə mərhələdə bundan sonra uğurlu çıxış edəcəyik. Azarkeşlər də sağ olsunlar ki, bizi sonadək dəstəklədilər.
- Çətin oyun oldu?
- Bəli, asan olmadı. Belə olacağını öncədən də bilirdik. Malta pis komanda deyil. Onar matça beş yarımmüdafiəçi ilə başlamışdılar. Bu, bizə çətinlik yaradırdı. Sonradan dörd yarımmüdafiəçi ilə oynamağa, risk etməyə başladılar. Onların hətta qol vurmaq üçün də şansları oldu.
- Bəs bizim yığmamız?
- Biz risk etmək istəmirdik. Amma fasilədən sonra rəqibin hücuma daha çox aludə olması işimizi bir qədər yüngülləşdirdi.
- Tez-tez arxaya top ötürmələri baş məşqçinin tapşırığı idi?
- Xeyr, o bizə ancaq arxaya ötürmə etməyi tapşırmamışdı. Prosineçki bizə top saxlamaq tapşırığını vermişdi. Belədə arxaya top ötürmək də normaldır. Maltalılar bütün diqqəti mərkəzə yönəltdiyindən bizim də top saxlamaq üçün başqa variantımız olmurdu. Fikrimcə, taktikamız faydalı oldu. İkinci qol məhz top saxlamağımız nəticəsində vuruldu.
- Komandamız bu oyunda bir qədər sakit oyunu ilə seçildi...
- Elədir. Baş məşqçi tərəfindən üzərimizdə xüsusi bir təzyiq yox idi. O, bizdən meydana çıxıb sakitcə öz oyunumuzu sərgiləməyimizi xahiş etmişdi. Səbrli olmağı tapşırmışdı. Nəticədə də qələbə qazandıq.