Çingiz Abdullayevlə Bəhram Bağırzadə Neftçinin Müşahidə Şurasında!
Xəbər verdiyimiz kimi, bu gün Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda “Neftçi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib. Azerisport.az xəbər verir ki, iclasdan sonra jurnalistlərə açıqlama verən şirkətin rəhbəri, AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinin yaradıldığını və Müşahidə Şurasının da həmin qurumu tərkibində fəaliyyət göstərəcəyini deyib.
AFFA prezidenti xalq yazıçısı Çingiz Abdullayevin şuranın sədri, Bəhram Bağırzadə, Səməd Qurbanov, Mübariz Zeynalov, Cəbrayıl Cəbrayılov, Sadıq Sadıqov və Zaur Qəhrəmanovun şuranın üzvləri təyin olunduğunu vurğulayıb.
Bildirilib ki, “Neftçi” futbol klubunun idaretməsi Müşahidə Şurasında olacaq.
"Təkcə "Neftçi" üçün yox, bütövlükdə Azərbaycan futbolunda dəyişiklik vaxtı çatıb. İcraiyyə Komitəsinin iclasında da belə bir qərar qəbul olunmuşdu ki, hər bir klubun Müşahidə Şurası yaradılsın. Çingiz Abdullayevdən Müşahidə Şurasının sədri olmağı xahiş etdik. Şuraya həmçinin, Bəhram Bağırzadə, Səməd Qurbanov, Mübariz Zeynalov, Cəbrayıl Cəbrayılov, Sadıq Sadıqov və Zaur Qəhrəmanov daxildir".
Rövnəq Abdullayev həmçinin bundan sonra "Neftçi"nin səhmlərinin olacağını bildirib. SOCAR isə kluba reklam pulu verəcək. AFFA prezidentinin sözlərinə görə, növbəti mövsümdən bütün klublarda oxşar sistem olmalıdır.