Erik Ramos: Neftçi bu oyunla Qarabağa qalib gələ bilməz
"Neftçi"nin yarımmüdafiəçisi Erik Ramosun azerisport.az saytına müsahibəsi
- "İnter"lə cavab oyunu (1:2, ilk oyun 2:0) barədə nə deyə bilərsiniz?
- Çox çətin oyun alındı. "İnter" qələbəyə layiq idi. İlk oyunun nəticəsini nəzərə alsaq, biz ümumi nəticənin xeyrimizə olacağına əmin idik. Sadəcə, öz üstünlüyümüzü qorumağı düşünürdük. Bu da bizdə alındı.
- Komandanızın bu oyunda çox da yaxşı təsir bağışlamadığı fikri ilə razısınız?
- Rəqib yaxşı futbol sərgilədi. Əsas odur ki, komandamız finala çıxdı.
- İkinci hissədə təkqapı oyun gedirdi. Bu, nə ilə bağlı idi?
- Bizim fiziki hazırlıqla bağlı problemimiz vardı. Qısa müddət ərzində bu qədər oyun keçirmək asan deyil.
- Yeri gəlmişkən, bu, komandanın ikinci hissəni zəif keçirdiyi ilk oyun deyildi...
- Baş məşqçi ilə söhbətimiz olacaq. Fikrimcə, nəyisə dəyişmək lazımdır ki, eyni şeylər təkrarlanmasın.
- "Neftçi" bu oyunla finalda "Qarabağ"a qalib gələ biləcək?
- Birmənalı olaraq, yox. Ağdamlılara qol vurmağımız lazım gələcək. Finalda işimiz asan olmayacaq. Amma bizim bu oyuna yaxşı hazırlaşmağımız üçün kifayət qədər vaxtımız var.
- Növbəti oyununuz da çempionatda "Qarabağ"a qarşı olacaq...
- Bu, final öncəsi yaxşı imtahat olacaq. Qarşıdakı oyunda qalib gəlməyə çalışacağıq ki, xal ehtiyatımızı yaxşılaşdıraq.
- Demək olar ki, "Neftçi" bundan sonra ancaq kubokun finalında "Qarabağ"a qalib gəlmək haqda düşünəcək?
- Finala qədər hələ kifayət qədər vaxt var. Hələ "Qarabağ"la, ardından "İnter"lə çətin çempionat oyunlarımız var. Çünki biz heç üçüncü yeri də təmin etməmişik.