Qara Qarayev: Kaue düzgün etmədi, o, topu meydandan çıxarmalıydı
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Neftçi" üzərində qazandıqları qələbəni (3:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Üç xalı qazanmağı çox istəyirdik. Çempionluq yolunda bu, bizim üçün çox vacib idi və şadam ki, istəyimizə nail olduq. 2:0 öndə olsaq da, rəqib hesabı bərabərləşdirməyi bacardı. Buna baxmayaraq, sonadək mübarizə aparıb, qələbə qazandıq. Sonadək bizi dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm. "Neftçi" haqda da ancaq xoş sözlər söyləmək olar. Bu komanda doğrudan da "flaqman"dır".
Qarayev "Neftçi"nin ikinci qolu zamanı feyr-pley qaydalarının pozulduğunu da iddia edib: "Kaue həmin epizodda düzgün oynamadı. O, Kardosonun meydanda uzandığını görürdü, amma oyunu dayandırmadı. Amma mən bunu görən kimi dayandım. Rəqib futbolçunun topu kənara atacağını düşündüm. Lakin o, belə etmədi".