Kamal Quliyev: Neftçala çempion olmasa, Premyer Liqada iştirak etməyəcək
"Neftçala"nın baş məşqçisi Kamal Quliyevin azerisport.az saytına müsahibəsi
- Sizi komandanızın Topaz Premyer Liqasına vəsiqə qazanması münasibətilə təbrik edirik...
- Bu uğura imza atmağımız çətin oldu. Amma hər şeydən önəmlisi komandanın, futbolçularına özlərinə, bu uğura inanmaları oldu. "Rəvan"la vacib qarşılaşmada qalib gəlməklə elitaya vəsiqəni təmin etdik.
- Klubunuz hələ AFFA-dan müvafiq lisenziya ala bilməyib...
- Klub rəhbərliyi ilə bu barədə söhbətimiz olub. Bu baxımdan problem olmayacağını bildiriblər. Onu da deyiblər ki, birinci divizionun qalibi olmasaq, Premyer Liqada çıxış etməyə bilərik. Amma ümid edirəm ki, bu, baş verməyəcək.
- Komandanızın elitaya buraxılacağına inanırsınız? Çünki "Neftçi" ilə "Neftçala"nın eyni yerdən maliyyələşdirildiyi bildirilir...
- Bizim "Neftçi" ilə heç bir əlaqəmiz yoxdur. Premyer Liqada iştirak etmək bizim haqqımızdır. Klub rəhbərliyi ilə görüşmüşəm. Onlar deyiblər ki, biz növbəti mövsümdə elitada çıxış edəcəyik. Bu, yüz faizdir.
- Siz öz postunuzda qalacaqsınız?
- Öz məşqçilərimizə inanmaq lazımdır. Mənim klubla müqaviləmin müddəti başa çatır. Əgər rəhbərlik istəsə, komandada qalacağam.
- Komandaya cəlb etmək istədiyiniz futbolçular var?
- Var, amma onlar digər klublarda oynayırlar. 4 legioner də olacaq.
- Bəs komandanızın hədəfi nə olacaq?
- Öncə Premyer Liqada iştirak təcrübəsi qazanmağa və autsayder olmamağa çalışmalıyıq. İndiki heyəti saxlamağa da çalışacağam.
- "Neftçala" Premyer Liqada "Neftçi"nin "kiçik qardaşı" olmayacaq?
- Bu, mümkünsüzdür. Premyer Liqadakı bütün klublar bizim üçün qardaş kimidir. Amma təkrar edirəm ki, bizim "Neftçi" ilə ümumi heç nəyimiz yoxdur. Meydanda hamı bizim üçün rəqib olacaq.