Məhəmməd Qurbanov: Heç bir klubdan təklif almamışam
"Sumqayıt"ın hücumçusu Məhəmməd Qurbanovun azerisport.az saytına müsahibəsi
- "Neftçi" ilə oyun (2:2) barədə nə deyə bilərsiniz?
- Açıq oyun getdi. Erkən qol vurduq. Amma "Neftçi" buna dərhal cavab verdi. Ardından yenə hesabda önə keçə bildik. Rəqib hətta azlıqda da qaldı. Görünür, arxayınlaşdıq. Baxmayaraq ki, fasilədə baş məşqçi bizə daha kompakt oynamağı tapşırmışdı. Buna görə "Neftçi" matçın ikinci hissəsində ciddi qol epizodları yarada bilmirdi.
- Amma qol vurmağa nail oldular...
- Mən deməzdim ki, qələbəni əldən verməyimizə yalnız arxayınlıq səbəb oldu. Biz də qol epizodlarımızdan maksimum yararlana bilmədik. Üç xalı öz səhvlərimiz ucbatından əldək verdik, yalnız bir xalla kifayətləndik.
- Xal itkisi çox pis təsir etdi?
- Əlbəttə. Amma digər tərəfdən də rəqib "Neftçi" idi. Onların meydanda 10 və ya 11 nəfərlə oynamasının da fərqi yox idi. Onlar istənilən halda güclüdürlər. Bu üzdən də qol vurmaqdan başqa çıxış yolları yox idi. Əgər biz azlıqda qalsaydıq, "Neftçi" öndə olsaydı, biz də eyni şeyi edərdik.
- Mövsümün sonunda "Sumqayıt"da qalacaqsınız?
- Bilmirəm. Mənim daha yarım illik müqaviləm var. Başqa təklif isə yoxdur.
- Millinin baş məşqçisi Robert Prosineçki sizdən çox razı qalıb. Sizcə, Serbiya və Norveçlə oyunlara dəvət alacaqsınız?
- Əgər baş məşqçi məni tərifləyirsə, buna ancaq sevinə bilərəm. Qarşıdakı oyunlara da dəvət alsam, şad olaram. Komandamıza kömək etməyə hazır olacağam.