Amisulaşvili: Yeni çempiona qalib gəlmək bizim üçün çox vacib idi
"İnter"in müdafiəçisi Aleksandr Amisulaşvilinin azerisport.az saytına müsahibəsi
- "Qarabağ" üzərində qazandığınız qələbə barədə nə deyə bilərsiniz?
- Turnir cədvəli baxımından bu oyunun nəticəsi heç nəyi dəyişməyəcəkdi. Amma buna baxmayaraq, biz meydana qələbə qazanmaq üçün çıxmışdıq. Fikrimcə, yaxşı və gözəl oyun alındı.
- Bəzi komanda yoldaşlarınız final fitindən sonra əllərini yuxarı qaldırmaqla sevindiyini gizlətmədi. Yəni bu qələbə sizin üçün o dərəcədə vacib idi?
- Qələbə həmişə sevindirir. Biz isə bu qələbəni çempion üzərində qazanmışıq. Bu üzdən də uğurumuz ikiqat sevinclidir. Oyundan həzz almaq istəyirdik. Azarkeşlərimizi də sevindirdik.
- Amma futbolçular oyundan öncə maliyyə çətinliklərinə görə meydana çıxmaq istəmirdi...
- Bu barədə danışmaq istəmirəm. Əsas odur ki, biz meydana çıxıb, öz işimizi gördük. Mövsümü layiqli keçirdik.
- Sizə olan borclar nə vaxt ödəniləcək?
- Yaşayıb, görəcəyik. Bu barədə hələlik, heç nə deyə bilmərəm.
- "İnter"dəki gələcəyinizlə bağlı nə planlarınız var?
- Hələ qərar verməmişəm. Son turun oyunundan sonra bu barədə düşünəcəyəm. Görək, buradakı işlər necə alınacaq.
- "Qarabağ"ın çempionluğu layiqlidir?
- Bəli. Bu münasibətlə onları təbrik edirəm. Ağdamlıların çox yaxşı komandası var.
- "İnter" maliyyə problemləri ilə üzləşməsəydi, onları qabaqlaya bilərdi?
- Artıq bu barədə danışmaq gecdir. Onlar çempiondurlar.