Lomaya: Oyunçuların İnteri tərk etməsi Avroliqa öncəsi bizi narahat edir
"İnter"in qapıçısı Georgi Lomayanın azerisport.az saytına müsahibəsi
- Sizcə, çempionluğun taleyi "İnter" - "Qarabağ" matçından (2:1) asılı olsaydı, hər şey fərqli alına bilərdi?
- Bunu deyə bilmərəm. Amma fakt ondadır ki, biz "Qarabağ"a qalib gəldik. Bu oyunun həlledici olması üçün bizim "Qəbələ"yə qalib gəlməyimiz lazım idi. Amma ona nail ola bilmədik. "Qarabağ" bu mövsüm əla çıxış etdi, biz isə şansımızdan yararlana bilmədik.
- "Qarabağ" bu oyuna arxayın çıxmışdı?
- Xeyr, niyə ki? "Qarabağ"ın bütün əsas heyət oyunçuları meydanda idi, biz də meydana qələbə üçün çıxmışdıq.
- "İnter"in çempion olmasına nə mane oldu?
- Mən özüm də bilmirəm. Öz oyunumuzu oynadıq. Halbuki, komandada maliyyə problemləri də var idi.
- Son 3-4 ayın maaşını hələ də almamısınız?
- Bəli. Amma biz yenə də heç nə olmamış kimi mübarizəmizi davam etdirdik. Mən özüm altı ildir bu klubdayam. Belə problemlər yarananda onu atıb getmək olmazdı.
- Bəs bundan sonra nə etməyi düşünürsünüz?
- Hələ heç nə bilmirəm. "İnter"in aqibətinin necə olacağı bilinmir. Hamımız gözləyirik. Düzünü desəm, mən burada daha 2-3 il oynamaq istərdim. Çünki özümdə buna yetəcək gücün olduğunu bilirəm. Amma təbii ki, rəhbərliklə razılığa gəlmək lazımdır.
- Baş məşqçinin ardınca futbolçular da gedir. Bəs Avropa Liqasında nə olacaq?
- Bu, bizi narahat edir. Amma hələ heç nə bəlli deyil. Baxaq, görək nə olur.
- Bütövlükdə, mövsümü necə qiymətləndirə bilərsiniz?
- Mənə elə gəlir ki, bu mövsüm ötən mövsümkündən pis keçdi. "Araz Naxçıvan" çıxışını dayandırdı, "Bakı"da, "Simurq"da problemlər yarandı, "Xəzər Lənkəran"ın iddiası azaldı. Bütün bunların nəticəsində rəqabət aşağı düşdü. Amma ümid edirəm ki, növbəti mövsümdə belə problemlər olmayacaq.