Baçana Sxadadze: Belə bir vəziyyətdə İnterdən pul tələb edə bilmərəm
"İnter"in hücumçusu Baçana Sxadadzenin azerisport.az saytına müsahibəsi
- "İnter"in bütün legionerləri komandanın düşərgəsini tərk edir. Bunun axırı necə olacaq?
- Hələ heç nə deyə bilmərəm. Bir qədər də gözləyək, görək bu işlərin axırı necə olacaq. İndi dəqiq olan heç nə yoxdur. Mayın sonunadək gözləməyi məsləhət bilmişdilər. Mənim özümə gəlincə, klubla hələ bir illik müqaviləm var.
- Legionerlər olmayacaqsa, komanda Avropa Liqasında hansı heyətlə mübarizə aparacaq?
- Görəcəyik. Əgər mənə yaxşı təklif gəlsə, prezident buraxacaqlarını deyib. Amma etiraf edim ki, aparıcı oyunçuların getməsi çox təsir edəcək. "İnter"ə Avroliqa öncəsi yeni heyət qurmaq çətin olacaq.
- Legionerlər komandaya Avroliqada kömək etmək istəmirlər?
- Bu, mümkünsüzdür. Sənin klubunda heç nə dəqiq deyilsə və başqa klubdan sərfəli təklif gəlibsə, qalmaq mənasızdır. "İnter" indiki məqamda sonadək qalıb, işini görən futbolçulara, məşqçilərə minnətdarlığını bildirməlidir.
- Belə görünür ki, siz də "İnter"dən getməyə hazırlaşırsınız...
- Etiraf edim ki, buradan getmək istəmirəm. Prezident klubda maliyyə problemlərinin olduğunu deyir. "İnter" mənim üçün doğma klubdur. Onu daha çətin vəziyyətdə qoymaq istəməzdim. Mən burada qalacağam. Amma özümə başqa klub tapa bilməsəm.
- Azərbaycandakı digər klublardan təkliflər var?
- Təklif alsam, "İnter"lə müqaviləni ləğv etməliyəm. Mən elə insan deyiləm ki, oturub klubdan öz pulumu tələb edəm. Belə bir vəziyyətdə onu etmərəm. Görək "İnter"də vəziyyət dəyişəcəkmi, klub ayaq üstə dayana biləcəkmi?
- Klubdan FİFA-ya şikayət etmək fikriniz yoxdur?
- Bu, bəlkə də mənim edəcəyim ən son addımlardan biri olardı. Georgi Nikolovla söhbətim oldu və o, bildirdi ki, tezliklə bütün borclar "bağlanacaq". Ayın sonunadək gözləyəcəyəm. "İnter"in bu mövsümkü qədər güclü heyəti olmamışdı. Çox təəssüflənirəm ki, klub bu cür heyəti saxlaya bilmədi.
- Azərbaycanın əksər klubları hücumçu qıtlığından əziyyət çəkir...
- Hələ ki, heç bir klubla danışıq aparmıram. Bu bir həftəni istirahət edəcəyəm. Ondan sonra isə təkliflərə baxacağam. Düzünü deyim ki, özümü heç vaxt "İnter"dən başqa yerli klubda təsəvvür etməmişəm. Amma həyat belədir. Hər şey ola bilir.
- Maliyyə problemlərinə baxmayaraq, sonadək liderlər qrupunda qaldınız. Çempion olmağınıza nə mane oldu?
- Yəqin ki, ardıcıl beş oyunda heç-heçə oynamağımız. Məsələn, "Sumqayıt"la ev oyununda qələbə qazanmağa borclu idik. Amma artıq bütün bunlar haqda danışmaq çox gecdir.
- Hər halda son turda "Qarabağ"a qalib gəlməyi bacardınız...
- Biz göstərdik ki, yaxşı komandayıq. Amma "Qarabağ" çempion olmuşdu. Deməli, hamıdan yaxşı komanda məhz Ağdam klubu oldu.