Zaur Axundov: Tino Peresə dedim ki, nəticə vermək vaxtıdır
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun azerisport.az saytına müsahibəsi
- Azərbaycanı qarşıdakı UEFA Kubokunda hansı klub təmsil edəcək?
- Bu gün "Xəzər adaları" və "Fənər"dən rəsmi məktub aldım. Orada qeyd olunub ki, bu klublar UEFA Kubokunda iştirak etməyəcəklər. "Fənər"in prezidenti Turqay Fərzəliyev mənimlə söhbətində bəyan etdi ki, gəncləşdirmə siyasəti aparacaqlar. Onlar bu barədə qərarı hələ "Xəzər adaları" UEFA Kubokundan imtina etməmiş qəbul ediblər. Bu üzdən də hazırda UEFA Kubokuna Azərbaycan çempionatının bürünc mükafatçısı "Araz"ın yollanmaq haqqı var.
- İndiki "Araz" buna hazırdır?
- Onlar üçün bu xəbər çox gözlənilməz oldu. Çünki bu komandada da gəncləşdirmə siyasəti aparılmaqdadır. Amma bu klub avrokuboklarda böyük təcrübəyə malikdir. Bu üzdən də artıq UEFA Kubokuna qatılmaqla bağlı razılıqlarını veriblər.
- Belə olan halda "Araz" gəncləşdirmə siyasətini ləğv etməli olacaq?
- Xeyr, bu proses davam edir. Amma heyətə təcrübəli oyunçular da cəlb olunacaq. Bu komanda böyük ehtimalla UEFA Kubokuna elit mərhələdən başlayacaqlar. Çünki böyük reytinqə malikdirlər. Rəhbərlik məni inandırdı ki, komandanı gücləndirəcəklər və "Araz" Azərbaycanı bu turnirdə layiqincə təmsil edəcək.
- İyunun 10-da Avropa çempionatının pley-off mərhələsinin püşkü atılacaq...
- Hazırda federasiyanın da bütün diqqəti pley-offda uğurlu çıxış edib, ardıcıl 4-cü dəfə AÇ-nin final mərhələsində iştirak etməyə yönəlib.
- Bəs bu ilin dekabr ayında keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunlarından nə gözləyirsiniz?
- Hazırda Azərbaycan prezidenti İlham Əliyevin idmana diqqəti sayəsində hər bir federasiya beynəlxalq turnirlərin ölkəmizdə keçirilməsinə çalışır. Bunun üçün bizim hər cür imkanımız da var. AFFA rəhbərliyi ilə məsləhətləşərək FİFA-ya müraciət etmişik. DÇ-nin seçmə mərhələsinin bir qrupunun oyunlarının Bakıda keçirilməsini istəyirik.
- "Araz"ın və Azərbaycan yığmasının baş məşqçisi Tino Peres üçün bu il həlledici ola bilər?
- Biz onunla müqavilənin müddətini yarım illik artırmışıq. Uyğunlaşma dövrü artıq geridə qalıb. Onunla danımışam və demişəm ki, artıq nəticə vermək vaxtıdır. Onun qarşısında ciddi vəzifələr durur.