Sergey Zenyev: Qəbələ kiçik şəhər olsa da, futbol üçün hər şərait var
"Qəbələ"nin estoniyalı yeni transferi Sergey Zenyev Azərbaycan klubuna keçidindən danışıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuku hələ Odessa "Çernomorets"ində çalışdığı dövrdən tanıyırdım. O, məni əvvəllər də komandasında görmək istəyirdi. Qriqorçukdan başqa "Qəbələ"nin bir neçə futbolçusunu da tanıyıram".
Zenyevin sözlərinə görə, yeni klubu onun əvvəlki komandası "Torpedo" kimi maliyyə probemləri yaşamır: "Torpedo"nun mənə hələ də borcu var. Son klublarım arasında yalnız "Blekpul"da bu baxımdan problem yox idi. "Torpedo" böyük çətinlik içindədir. Bu klubun taleyinin necə olacağı mənə də qaranlıqdır. "Qəbələ"də isə belə problemlər yoxdur".
Zenyev cəmi 13 000 əhalisi olan Qəbələ şəhəri barədə də söz açıb: "Şəhər çox yaxşıdır. Burada böyük mehmanxana və evlər kompleksi var. Otel klubun prezidentinə məxsusdur. Şəhər kiçik olsa da, futbol üçün hər şey yaradılıb. Ailəmi də buraya gətirəcəyəm".
"Əvvəllər Azərbaycanda Estoniya yığmasının üzvlərindən oynayanlar olub. Onlar buradakı şəraiti tərifləyirdilər. Bütün bunlar da əbəs deyilmiş".
Zenyev iyulun 2 və 9-da Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Gürcüstan "Dinamo"su (Tiflis) ilə oyunlara hazırlıqdan da danışıb: "Tam gücümüzlə məşq edirik. Biz növbəti mərhələyə çıxmaq üçün potensial görürük".