Samir Əliyev: Meydanda döyüşkən Neftçi görəcəksiniz
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Avropa Liqasının sabah baş tutacaq birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"una qarşı ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın yeni çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları qeyd edib:
"Komandadan 10 futbolçu gedib - beşi legioner, beşi isə yerli futbolçu. Klub öz strategiyasını da dəyişib. İndi əsas üstünlük gənclərə verilməkdədir. Sabah meydana bəlkə də tanımadığınız futbolçular çıxa bilər".
Əliyevin sözlərinə görə, Avstriya toplanışı çərçivəsində keçirdikləri üç yoxlama oyununda nəticə onlar üçün heç bir önəm kəsb etmirmiş: "Biz yaxşı hazırlıq dövrü keçirdik. Bütün sınaq matçlarında uduzsaq da, oyundan oyuna daha da artırdığımızı deyərdim".
Baş məşqçi komandanın heyətindən danışarkən bunları qeyd edib: "Heyətimiz gənclərdən qurulsa da, psixoloji baxımdan heç bir problem yoxdur. Öz güclü və zəif cəhətlərimizi bilirik. Bundan yararlanmağa çalışacağıq. Həyəcanlanmasaq, bu, oyunçulara əlavə ruh yüksəkliyi qazandıracaq".
"Bizim öz oyun sistemimiz var. Komandada qalsam, bütün mövsüm ərzində eyni oyun üslubunu saxlamağa çalışacağıq. Uşaqlar gəncdirlər, amma artıracaqlarına inanırıq".
Əliyev start heyəti barədə də fikirlərini dilə gətirib: "Matç üçün start heyətini müəyyənləşdirmişəm. Onsuz da seçim imkanımız böyük deyil. Meydana ən yaxşıları buraxacağıq. Meydanda döyüşkən komanda görəcəksiniz. Bilirəm ki, jurnalistlərin çoxu bizə inanmır. Amma siz tezliklə oyunumuzdakı inkişafı görəcəksiniz".