Georgi Gequçadze: Bizi təbrik etməyə tələsməyin
Tiflis "Dinamo"sunun (Gürcüstan) baş məşqçisi Georgi Gequçadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"Bizi təbrik etmək hələ tezdir. Çünki qarşıda cavab oyunu var. Bu oyun çətin alındı. Buna baxmayaraq, gənclər özlərini yaxşı tərəfdən göstərə bildilər. Aleksandr İaşvili komanda üçün böyük iş gördü. Birinci hissədə üstünlük bizdə idi. Amma azlıqda qaldıqdan sonra oyunumuz dəyişdi, daha çox müdafiəyə diqqət ayırmaq məcburiyyətində qaldıq. "Qəbələ"nin heyətində çoxlu təcrübəli futbolçu var. Əlbəttə, öz meydanımızda qol buraxmaq çox pisdir. Amma indi bunun növbəti mərhələyə adlamağımıza nə dərəcədə problem yaradacağını demək çətindir".