Aylton: Neftçi Mladostdan bir qədər güclü idi
"Neftçi"nin müdafiəçisi Aylton Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"una qarşı keçirdikləri ilk oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyun barədə nə deyə bilərsiniz?
- Yaxşı oyun alındı. Bizim çoxlu qol vəziyyətimiz oldu. Təəssüf ki, Bakıda qələbə qazana bilmədik. Amma səfərdə qalib gələcəyimizə əminəm.
- Nəyə güvənib belə deyirsiniz?
- Bizim futbolçularımız rəqiblə müqayisədə daha keyfiyyətlidirlər. Fikrimcə, ilk oyun da bunu göstərdi.
- Bəs bu oyunda öz keyfiyyətlərinizi nümayiş etdirməyə nə çatmadı?
- Bəxtsizlik. Bu qədər qol vəziyyəti yaradırıqsa, deməli, daha çox qol vura bilərik.
- Hesab 2:1 olarkən müdafiə barədə düşünməyinizi səhv addım hesab etmirsiniz?
- Nəticəni saxlamaq istəyirdik. Ona görə də meydandakı üstünlüyü əldən verdik. Təəssüf ki, bu, qələbəni əldən verməyimizlə nəticələndi.
- Rəqibin gözləniləndən də aşağı səviyyədə bir komanda olduğunu demək olar?
- Razı deyiləm. "Mladost" o dərəcədə də zəif komanda deyildi. Amma bizim qələbə qazanmağımız üçün hər cür şərait yaradılmışdı. Biz onlardan daha üstün idik.
- "Neftçi"nin heyətində ilk rəsmi oyununuzda özünüzü necə hiss etdiniz?
- Şadam ki, belə bir komandada oynayıram. Qələbə ilə başlasaydım, daha ideal olardı.