Melli: Çernoqoriyada hesabı açıb, müdafiədə oturmaqla Mladostu keçə bilərik
"Neftçi"nin müdafiəçisi Xuan Alberto Melli Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"una qarşı keçirdikləri ilk oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyun barədə nə deyə bilərsiniz?
- Oyuna nəzarət bizim əlimizdə idi. Komandamız çox yaxşı oynadı. Amma son 10 dəqiqədə ritmi itirdik. Qələbə hesabını qorumağımız lazım idi. Meydan mərkəzində çox tez-tez top itkisinə yol verirdik. Rəqib isə əks-hücum təşkil etdi və qol vurmağa nail oldu. Qələbəyə çox yaxın idik. Üstünlüyümüzü matçın sonunda əldən verməyimiz üzücü oldu.
- Son dəqiqələrdə zəif çıxış etməyinizə nə səbəb oldu?
- Komandamız gənclərdən qurulub. Belə oyunda uğur qazanmaq üçün təcrübəyə, təcrübəli oyunçulara ehtiyac var. Amma buna baxmayaraq, biz yenə də rəqibdən yaxşı təsir bağışladıq.
- Cavab oyunundakı şanslarınızı necə qiymətləndirə bilərsiniz?
- Şansımız hələ qalır. Növbəti mərhələyə adlamaq yaxşı şansımız var. Sadəcə, bunun üçün Çernoqoriyada qələbə qazanmalıyıq.
- "Mladost" keçiləsi komandadır?
- Bəli. Onları keçməsək, çox üzücü olacaq. Sakitləşmək, ilk oyunu unutmaq və Çernoqoriyada birinci qol vuraraq, müdafiəyə oturmaq lazımdır.
- Sizcə, bu taktika ilə mərhələ adlamaq mümkündür?
- Bəli. Hesabı biz açsaq, çox yaxşı şans əldə edəcəyik.
- "Neftçi"yə keçəndə belə gənc futbolçularla birgə çıxış edəcəyinizi gözləyirdiniz?
- Bu da yaxşıdır. Çoxlu istedadlı futbolçumuz var. Komandanın səviyyəsi yaxşıdır. Zamanla hər şey daha yaxşı olacaq.