Qurban Qurbanov: Qrup mərhələsinə vəsiqə minimum vəzifəmiz idi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla (ilk oyun 1:0) başa çatan görüşdən sonra bunları söyləyib:
"Çətin oyun oldu. Rəqib matçın ilk dəqiqələrində azlıqda qaldı. Bu da onların işini çətinləşdirdi. Yaxşı oynadıq. Futbolçular da verdikləri sözü tutdular. Komandanı, rəhbərliyi, azarkeşləri bu qələbə münasibətilə təbrik edirəm. Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq bizim üçün minimum vəzifə idi".
"Qəbələ"yə də "Panatinaikos"la cavab matçında uğurlar arzulayıram. Azərbaycanın qrup mərhələsində iki klubla təmsil olunmasını çox istəyərdim".
"Matçın 70-ci dəqiqəsindən etibarən matçın tempi aşağı düşdü. Əfranın çox yorulmasını istəmirdim. Çünki qarşıda yığma komandamızın da oyunu var".
"Yeddi ildir "Qarabağ"ı çalışdırıram. Bu müddət ərzində az həyəcan keçirməmişəm. Ola bilsin ki, başqa komandada fərqli olardı. Amma topraqlarımız işğal altındadır. Çox şadıq ki, "Qarabağ" adlı komanda ilə qaçqınlarımızı sevindirə bilirik. Hər bir uğurumuz Azərbaycana aiddir".
Qurbanov komandaya yeni futbolçuların gəlməsinin mümkünlüyündən də söz açıb: "Komandaya yeni futbolçuların gəlməsi mümkündür. Danışıqlar gedir".