Rəşad Sadıqov: Qarabağ ən yaxşı oyunlarından birini sərgilədi
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla (ilk oyun 1:0) başa çatan görüşdən sonra bunları söyləyib:
"İlk növbədə xalqımızı, azarkeşlərimizi təbrik edirəm. Bu, hamımızın qələbəsidir. Qələbəyə görə çox şadıq. Çünki hansı adı təmsil etdiyimizi çox gözəl bilirik. Buna görə məsuliyyət hissi də çox yüksək idi".
Sadıqov qazonun durumundan da danışıb: "Bu barədə çox danışmaq istəmirəm. Onsuz da "Seltik"lə oyundan sonra çox danışılmışdı. Düzdür, qazonda müəyyən problemlər var. Oyundan öncə rəqibdən daha çox özümüzün əziyyət çəkəcəyimizi düşünürdüm. Çünki biz yerlə daha çox oynayırıq, nəinki "Yanq Boyz".
"Komanda yoldaşlarımla fəxr edirəm. Çox yaxşı oynadılar. Məşqçilər korpusu da oyundan öncə hesabı qorumaq yox, öz futbolumuzu sərgiləməyi, rəqibi, qazonu düşünməməyi tapşırırdılar. Allaha şükürlər olsun ki, hər şey yaxşı alındı".
Sadıqovun sözlərinə görə, komandası bu mövsüm ən yaxşı oyunlarından birini sərgiləyib: "Məncə, ən yaxşı oyunlarımızdan birini sərgilədik. İndi isə "Qəbələ"nin oyununa baxmağa tələsirəm. Onların hesabı açdığını eşitdim. Ümid edirəm ki, onlar da qalib gələcəklər".