Tale Heydərov: Mən də yeni transferlərə ehtiyac olduğunu düşünürəm
"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla (ilk oyun 0:0) başa çatan görüşdən sonra bunları söyləyib:
"Bu, tarixi bir uğurdur. Yaxşı başa düşürdük ki, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün tarixi bir şans əldə etmişik. Biz buna ilk dəfə nail olduq. Daha bir tarixi uğur isə "Qəbələ" ilə yanaşı "Qarabağ"ın da qrup mərhələsinə vəsiqə qazanasıdır. Onları da təbrik edirəm. Sevincimi necə ifadə edəcəyimi də bilmirəm".
Klub prezidenti Yunanıstan təmsilçisi ilə oyunun çətinliyindən danışıb: "Əksəriyyət bizim bu komandaya qalib gələcəyimizə, qrup mərhələsinə vəsiqə qazanacağımıza inanmırdı. Amma biz bacardıq. Bu, böyük qələbədir. Çünki rəqibimiz böyük və adlı-sanlı komanda idi. Qələbəni, bu uğuru qiymətləndirən daha bir məqam isə ona səfərdə nail olmağımızdır. Hesab edirəm ki, çox böyük uğura imza atdıq".
Heydərov bundan sonrakı hədəflərindən də söz açıb: "Artıq qrup mərhələsinə vəsiqə qazanmışıqsa, burada da layiqli çıxış etməyə çalışacağıq. Qrupda asan rəqib olmur. Rəqiblərimizin hər biri bizdən güclü komanda olacaq. Əsas odur ki, klubu, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edək. Ümid edirəm ki, yaxşı nəticələr qazana biləcəyik".
"Qəbələ"nin prezidenti baş məşqçi Roman Qriqorçukun yeni transferlə bağlı açıqladığı fikirlərə də münasibət bildirib: "Biz onun işinə heç vaxt qarışmırıq. Mən də düşünürəm ki, komandaya yeni transferlər lazımdır".