Qəbələnin baş meneceri: Biz Borussiya rəsmilərinə Azərbaycan qanunları barədə xəbər vermişik
"Qəbələ"nin baş meneceri Zaur Əzizov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" klubuna qarşı keçirəcəkləri ev oyunu zamanı Dortmund təmsilçisinin erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın Azərbaycana buraxılmayacağına dair xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu məsələdə klubun mövqeyi elə də böyük əhəmiyyət daşımır. Azərbaycan Respublikasının öz qanunları var. Hər kəs bu qanunlara hörmətlə yanaşmalıdır. Bu məsələ ilə də bağlı dövlət orqanları qərar verəcəklər. Onlar necə qərar versə, biz də elə edəcəyik. Püşkatmadan sonra Dortmund klubunun nümayəndələrinə ölkəmizin qanunları barədə məlumat vermişik. Onlar da bizə bildirdilər ki, klubda bununla bağlı müzakirə aparacaqlar. Amma Azərbaycana tam heyətlə gəlmək istədiklərini gizlətmədilər".