Zaur Həşimov: Rəqiblərinin hamısı Qarabağdan güclüdür, amma futbolda hər şey mümkündür
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Zaur Həşimov Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Tottenhem" (İngiltərə), "Monako" (Fransa) və "Anderlext"lə (Belçika) bir qrupa düşməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox çətin qrupa düşmüşük. Əlbəttə, səviyyəcə bütün rəqiblər "Qarabağ"dan güclüdür. Amma futbolda hər şey mümkündür. Ağdam klubundan uğurlu nəticə gözləyirəm. Ötən mövsüm də hər kəs komandanın qrupda autsayder olacağını proqnozlaşdırırdı. Amma komandamız pley-offa vəsiqə qazanmağa çox yaxın olduğu halda, hakim səhvi nəticəsində qrupda qaldı. Biz "Qarabağ"a inanırıq. İstənilən halda, nəticələrdən asılı olmayaraq, Azərbaycanı dekabr ayına qədər futbol bayramı gözləyir. Futbolsevərlərimizin İngiltərə və Fransa klublarının oyunlarını bizim stadionlarımızda izləmək imkanı olacaq. Bunun özü elə nəyə desən, dəyər".