Mirzəbəyov: Panatinaikos da güclü idi, amma biz onlarla bacardıq
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasında Almaniyanın "Borussiya" (Dortmund), Rusiyanın "Krasnodar" və Yunanıstanın PAOK klubu ilə bir qrupa düşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, həm də milli komandamızın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Maltaya qarşı keçirəcəyi oyunlardan danışıb:
"Çox çətin qrupa düşmüşük. Bütün rəqiblərimizlə oyunlar çətin olacaq. Amma şans həmişə var. Şansımız böyük olmasa da, bundan yararlanmağa çalışmalıyıq. Futbolda hər şey mümkündür. İlk oyunumuzu PAOK-a qarşı keçirəcəyik. Oyuna ciddi hazırlaşacağıq. PAOK da "Krasnodar" və "Borussiya" qədər güclü komandadr. Amma onlara qarşı oynamaq olar. "Panatinaikos" da güclü idi. Amma biz onlarla bacardıq və qrup mərhələsinə vəsiqə qazandıq. Qazaxıstan "Astana"sı da göstərdi ki, bütün rəqiblərə qarşı oynamaq mümkündür".
"Milli komandaya gəlincə, qarşıdakı hər iki oyun çətin olacaq. Xorvatiya Bakıda da qalib gəlməyə çalışacaq ki, turnir cədvəlindəki liderliyini qorusun. Malta isə bizdən qisas almağa çalışacaq".