Qara Qarayev: Anderlext üzərində qələbəyə görə eyforiyaya qapılmamalıyıq
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Belçika "Anderlext"inə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra öncə bunları söyləyib:
"Əsas odur ki, qələbə qazandıq. Buna görə çox şadam. Bizi dəstəkləmək üçün stadiona gələn azarkeşlərin hamısına minnətdaram. Həmçinin komanda yoldaşlarıma da təşəkkürümü bildirirəm. Onlar qələbə qazanmaq üçün tam güclərini ortaya qoydular".
Dayaq yarımmüdafiəçisi etiraf edib ki, komandası ilk 45 dəqiqədə daha yaxşı oynayıb: "Bəli, biz ilk yarıda daha aktiv idik, daha çox hücumlar edirdik. Fikrimcə, fasilədən sonra biz daha çox müdafiəyə diqqət ayırmağa başladıq. Çox risk etmək istəmirdik".
Qarayev "Anderlext"lə də bağlı fikirlərini bildirib: "Biz doğma meydanda, azarkeşlərimiz qarşısında daha yaxşı oynayırıq. Bu, rəqibə də çətinlik yaradır. Həm də fikrimcə, bizim bəxtimiz də gətirdi. Rəqibin də qol vurmaq üçün yaxşı şansları var idi. Bu qələbəyə görə eyforiyaya qapılmamalıyıq. Növbəti oyunlara daha da yaxşı hazırlaşmalıyıq".
Ağdam klubunun yarımmüdafiəçisi matçın keçirildiyi Tofiq Bəhramov adına respublika stadionunun qazonu barədə də düşüncələrini açıqlayıb: "Meydança çox sürüşkən idi. Yəqin ki, bu, qazonun hələ həddən artıq təzə olması ilə bağlıdır. Əlbəttə, əvvəlki ev oyunlarımızla müqayisədə bu dəfə qazonun vəziyyəti daha yaxşı idi. Fikrimcə, mərkəzi arenadakı növbəti ev oyunumza qədər qazon daha da yaxşı olacaq".