Rəşad Sadiqov: Ruhdan düşməməliyik
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
- Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiya "Krasnodar"ına qarşı səfər oyununu (1:2) necə şərh edə bilərsiniz?
- Görüşün əvvəli bizim üçün yaxşı alınmadı. Rəqib komandamızın qapısı qarşısında bir neçə qol vəziyyəti yaratdı və hesabı açmağa nail oldu. İkinci hissəni isə daha yaxşı keçirdik. "Qəbələ" 5-6 real qol epizodu yaratdı. Komandamız onların cəmi birindən maksimum yararlandı. İki dəfə isə vurduğumuz qollar hakim tərəfindən qeydə alınmadı.
- Sizcə, Dodonun ikinci dəfə fərqləndiyi epizodda ofsayd var idi?
- Xeyr. Məhz bu üzdən də həmin epizod daha çox üzücüdür. Amma bizi daha çox son dəqiqələrdə buraxdığımız qol məyus etdi. Ən azı bir xalla qayıda bilərdik. Lakin ruhdan düşmək lazım deyil. Qarşıda hələ dörd qrup oyunumuz var.
- Roman Qriqorçuk sizi ikinci hissədə meydana buraxsa da, matçın sonunda əvəzlədi. Buna səbəb nə idi?
- Fikrimcə, bu sualı düzgün ünvanlamırsınız. Bunu baş məşqçidən soruşmağınız daha yaxşı olar. Mən futbolçuyam və baş məşqçinin qərarlarını müzakirə edə bilmərəm. Sizə də bununla bağlı heç nə deyə bilmərəm.
- İki oyuna 1 xal qrupdan çıxmaq üçün elə də yaxşı nəticə hesab oluna bilməz. Razısınız?
- Əlbəttə, bu məğlubiyyət şanslarımızı pisləşdirdi. Amma bu, ümumiyyətlə şansımızın qalmadığı demək deyil. Dortmund "Borussiya"sının dörd, "Krasnodar"ın üç xalı var. İkinci yerdə gedən komandadan cəmi iki xal geri qalırıq. Bu isə elə də çox böyük fərq deyil. Həm də "Krasnodar"la doğma meydanda qarşılaşacağıq. Qarşıdakı turlarda bircə qələbə vəziyyətimizi xeyli yaxşılaşdıracaq.
- Premyer Liqada "Xəzər Lənkəran"a qarşı keçirəcəyiniz oyundan nə gözləyirsiniz?
- Bu oyuna hazırlıq üçün vaxtımız az idi. Fikrimcə, bu oyuna qədər Rusiyadakı məğlubiyyətlə bağlı bütün fikirləri bir kənara ata biləcəyik. Çünki Premyer Liqada da böyük hədəflərimiz var. "Xəzər Lənkəran"a qalib gəlməyə çalışacağıq.