Sergey Zenyov: Ümidvaram ki, 6:0 hesablı qələbə azarkeşlərimizi stadiona gətirəcək
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyundan (6:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Belə qələbə qazanmaq çox xoş oldu. Biz çox yaxşı futbol sərgilədik. Öz oyunumuzu sərgiləyib, layiqli qələbə qazandıq.
- Belə böyük hesabla qalib gələcəyinizi gözləyirdiniz?
- 6:0 hesabıyla qalib gələcəyimizi gözləmirdim. Mən heç vaxt belə hesabla qələbə qazanacağımızı düşünmürdüm. Amma qələbəyə oynayacağımızı bilirdim və uğur qazanacağımızı gözləyirdim.
- "Qəbələ"nin belə darmadağına imza atmasına nə səbəb oldu?
- Yəqin ki, yaratdığımız qol vəziyyətlərinin əksəriyyətindən yaxşı yararlanmağımızın sayəsində belə qələbə qazandıq. Yəni, qol vəziyyətlərindən yararlanmaqla bağlı heç bir problem olmadı. Biz nə lazım idisə, onu da etdik.
- Amma çox adam Rusiya "Krasnodar"ı ilə səfər oyunundan sonra sizin yorğun olacağınızı düşünürdü...
- (gülür) Deməli, "Krasnodar"la oyundan sonra gücümüzü saxlaya bilmişik. Nə deyəcəyimi bilmirəm. Məncə, "Xəzər Lənkəran"la oyunda bizdə hər şey alındı.
- Bu oyun göstərdi ki, "Qəbələ" çempionluğa oynayır və rəqiblərinə acımır...
- Gücümüz varsa, qələbə qazanmalıyıq. Daha çox qələbə qazanmağımızı istəyərdim.
- Növbəti turda sizi "Neftçi" ilə oyun gözləyir...
- Hazırda yığma komandaların oyunları ilə əlaqədar fasilə yaranıb. Hələ ki, bu barədə düşünürük. Seçmə mərhələ oyunları başa çatandan sonra çempionat barədə düşünəcəyik. Bizi Estoniya yığmasının heyətində İngiltərə millisi ilə "Uembli" stadionunda maraqlı oyun gözləyir.
- Sizcə, "Qəbələ" - "Xəzər Lənkəran" matçına niyə az azarkeş gəlmişdi?
- Yəqin ki, hava şəraiti ilə əlaqədar idi. Dəqiq bilmirəm. Ümid edirəm ki, 6:0 hesablı qələbə azarkeşləri stadiona gətirəcək və onların sayı növbəti oyunlarımızda daha çox olacaq.