Elvin Məmmədov: Mənə elə gəlir ki, penalti yox idi
"Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- "İnter"in əsas rəqiblərimizdən biri olduğunu başa düşürdük. Ona görə də yaxşı çıxış edib, nəticə qazanmaq istəyirdik. Layiqli qələbə qazandıq. Bu, bizim üçün çox vacib idi.
- "Qarabağ" meydana demək olar ki, ikinci heyətlə çıxmışdı. Amma buna baxmayaraq, birinci yarıda rəqibə demək olar ki, oynamağa imkan vermədiniz...
- Meydana hansı heyətlə çıxmağımızdan asılı olmayaraq, ilk yarıda doğrudan da çox yaxşı oynadıq. İkinci hissədə rəqib bir qədər yaxşı təsir bağışladı.
- Penalti epizodunu necə qiymətləndirə bilərsiniz?
- Burada danışılası bir şey yoxdur. Qurban Qurbanov mənə dedi ki, penaltini kənara vur. Mənə də elə gəlir ki, penalti yox idi.
- Amma sizin addımınız xüsusi əhəmiyyət daşıyır...
- Düşünmürəm. Bu, sadəcə, bizim tərəfimizdən edilmiş feyr-pley idi. Burada xüsusi heç nə yoxdur. Bunu ilk dəfə biz etmirik. Penalti olsaydı, biz onu kənara vurmazdıq.
- Sizə elə gəlmir ki, hakimlər bu mövsüm çox səhv edirlər?
- Hamı səhv edir. Hətta Türkiyə çempionatı kimi böyük liqalarda da kobud hakim səhvlərini görürük. Yəqin ki, hakim həmin epizodu dəqiq görə bilməmişdi.
- Hakimlər artıq ikinci dəfədir "Qarabağ"ın lehinə səhv qərar qəbul edirlər...
- Burada nəsə axtarmaq lazım deyil. Mən başqa klublarda çıxış edəndə də həm lehimizə, həm də əleyhimizə penalti veriblər.
- Bu oyuna qədər çempionatın vahid lideri "Zirə" idi. Bu, sizdə təzyiq yaratmırdı?
- Deməzdim. Amma çempionluğa oynadığımızı nəzərə alsaq, qələbə qazanmağa borclu olduğumuzu başa düşürdük. "Zirə" çox yaxşı komandadır. Növbəti turda bizi məhz bu komanda ilə oyun gözləyir.
- Onlar "Neftçi"yə qalib gəldilər, siz isə bu komanda ilə çətinliklə heç-heçə etmişdiniz...
- Bu, futboldur, belə hallar olur.
- Cavid Tağıyev zədələnəndən sonra sizi Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Bolqarıstanla oyunlarına dəvət etdilər...
- Təəssüf ki, Cavid zədələndi. Eyni zamanda məşqçilər korpusunun mənə güvənməsi də çox xoş oldu. Belə vacib oyunlar zamanı yığmada olmaq çox xoşdur.