Elvin Yunuszadə: Belə qərarlar Qarabağın qələbəsini şübhə altına sala bilər
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi
- "İnter" üzərində qələbə qazandığınız (2:0) çempionat oyunu barədə nə deyə bilərsiniz?
- "İnter"ə qarşı oynamaq həmişə çətin olur. Onların məlum oyun üslubları var. Ona görə də bu komandaya qarşı oynamaq çətindir. Üstəlik, təbii ot örtüyündən süni örtüklü meydana keçmək həmişə çətinlik yaradır. Amma əsas odur ki, qələbə qazana bildik. Birinci hissədə ikinci yarı ilə müqayisədə daha yaxşı oynadıq. Səhvlərimiz də oldu ki, onların üzərində çalışmağımız lazımdır. Qurban Qurbanov da bizə demişdi ki, bu oyuna "Anderlext"lə görüşdən daha yaxşı yanaşmalıyıq.
- Penalti epizodu ilə bağlı nə deyə bilərsiniz?
- Mən epizoda uzaq idim. Ona görə də nəsə fikir söyləmək mənim üçün çətindir.
- Elvin Məmmədovun penaltini qəsdən vurmaması hakimin səhv qərar verməsindən xəbər verir?
- Belə çıxır ki, penalti yox imiş. Epizoda yaxın olan uşaqların sözlərinə görə, qayda pozuntusu yox imiş.
- Bu, "Qarabağ"ın lehinə təyin olunan ikinci qayda pozuntusudur...
- Biz belə qərarları dəstəkləyə bilmərik. Hesabda öndə idik. Qələbəmizi şübhə altında qoya bilməzdik. Ona görə də penaltini vurmamaq daha yaxşı olardı.
- Qarşıda "Zirə" ilə oyun var...
- Bu da çətin oyun olacaq. Rəqibin necə nəticələr qazandığını hər kəs bilir. Yaxşı komandadır. Debütant hələ Premyer Liqanın heç bir oyununda uduzmayıb. Bunun özü də çox ciddi göstəricidir. Hazırlıq üçün də kifayət qədər vaxtımız var.