Neftçi Qəbələnin xahişini qəbul etdi
7 oktyabr 2015 16:00
Oktyabrın 18-də Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul etməliydi. Azerisport.az xəbər verir ki, qəbələlilər bu oyun öncəsi paytaxt klubuna müraciət ünvanlayıblar.
Müraciətdə 1-ci dövrədəki oyunun Qəbələdə, ikinci dövrədəki qarşılaşmanın isə Bakıda keçirilməsinə icazə verilməsi xahiş olunub. "Neftçi" artıq bölgə klubunun bu müraciətini müsbət cavablayıb.
Qeyd edək ki, "Qəbələ"nin bu xahişinə səbəb oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində Dortmund "Borussiya"sı (Almaniya) ilə qarşılaşmasıdır. Hansı ki, həmin oyun da məhz "Bakcell Arena"da keçiriləcək. "Qəbələ" də arenanın ot örtüyünün avrokubok görüşünə qədər daha ideal vəziyyətdə saxlanılmasını istəyir.