Elvin Yunuszadə: Sanki bir ildir Qarabağda oynayıram
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Çətin olsa da, qələbə qazana bildik. Meydana çıxdığım oyunlarda komandamızın uğur qazanması üçün əlimdən gələni edirəm. Qurban Qurbanov sağ olsun ki, onun sayəsində komandaya uyğunlaşmağım çətin olmadı. Sanki bir ildir bu komandada çıxış edirəm. Üstəlik, komandada elə rəqabət var ki, hər futbolçu istənilən vaxt meydana çıxa bilər. Qarşıda Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Monako" ilə çətin oyunumuz var. Rəqibimiz güclü futbolçulardan təşkil olunmuş komandadır. Bir söz deyə bilərəm ki, azarkeşlərin hamısını maraqlı oyun gözləyir. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".