Sadio Tounkara: Xəzər Lənkərandakı vəziyyətlə bağlı danışmağım artıq olar
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Sadio Tounkara Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri səfər oyunundan (1:0) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:
"Rəvan"la oyundan öncə iki ardıcıl məğlubiyyətlə üzləşmişdik. Ona görə də bu qarşılaşmaya xüsusi motivasiya ilə çıxmışdıq. Üstəlik, rəqibimizin turnir cədvəlində bizə yaxın olması da oyunun vacibliyindən xəbər verirdi. Bu üzdən də qələbə "Xəzər Lənkəran" üçün çox qiymətlidir".
Tounkara bu oyundakı aqressivliyinin də səbəbini açıqlayıb: "Ola bilsin ki, kənardan daha aqressiv təsir bağışlamışam. Amma aqressivliyim sadəcə, komandamızın qələbə qazanmasını çox istəməyimdən irəli gəlirdi. Ona görə də hər epizodda sonadək mübarizə aparmağa çalışırdım".
Lakin Sadio altı aydır futbol oynamadığı üçün ona bir qədər çətin olduğunu da etiraf edib: "Belə uzun fasilədən sonra futbol oynamaq istənilən futbolçu üçün çətindir. Amma mən tədricən forma yığıram. Bu da normaldır. "Rəvan"la oyunda 90 dəqiqə meydanda oldum. Ümid edirəm ki, növbəti oyunlara daha yaxşı formada çıxa və komandama faydalı ola biləcəyəm".
Tounkara komandasının indiki vəziyyətindən danışmaq istəməyib: "Komandamızda olanları siz məndən pis bilmirsiniz. Ona görə də nəsə deməyə ehtiyac duymuram. Fikrimcə, bu, artıq olardı".