Vaqif Cavadov 198-ci oldu
4 noyabr 2015 13:40
Topaz Premyer Liqasında AZAL-la oyun "Qəbələ"nin futbolçusu Vaqif Cavadov üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, 26 yaşlı hücumçu “Qəbələ”də rəsmi debütünü gerçəkləşdirib.
Bunadək əvəzedici heyətdə forma geyinən Vaqif əsas komandanın tarixinə 198-ci futbolçusu kimi düşüb. Bunlardan 106-sı yerli, 92-i əcnəbi futbolçu olub. “Xəzər Lənkəran”dan bu ilin sonunadək icarəyə götürülən Cavadov “Qəbələ”nin milli çempionatımızda debüt edən 181-ci futbolçusu olub.
Bu mövsüm komandaya gələn futbolçulardan yalnız Vüqar Nadirov hələ ki, debüt etməyib. Rumıniyalı yarımmüdafiəçi Georgi Floresku isə bunu Topaz Premyer Liqasında yox, Avropa Liqasında gerçəkləşdirib.