Kəpəzin kapitanı: Niyə ikinci yerə çıxmaq üçün mübarizə aparmayaq?
"Kəpəz"in kapitanı Tural Axundov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunla (2:1) bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sonadək mübarizə apardıq və layiqli qələbə qazandıq. Eyni tempdə davam etmək istəyirik. İlk növbədə azarkeşlərə minnətdaram ki, belə soyuq hava bizi dəstəkləməyə gəlmişdilər. "Kəpəz" həmişə meydanda sonadək mübarizə aparıb. Çünki yaxşı heyətimiz var. Qələbə qazandığımıza görə şadam. Bu qələbənin gözlənilməz olduğunu deməzdim. Çünki 90 dəqiqə ərzində meydanın hər qarışı uğrunda sonadək mübarizə apardıq. Qəbələdən qələbə ilə qayıtmağa layiq idik".
Axundov AZAL-la qarşıdakı oyunla da bağlı fikirlərini bölüşüb: "Biz hər oyuna üç xal üçün çıxırıq. Niyə də ikinci yerə çıxmaq üçün mübarizə aparmayaq? Allah eləsin ki, AZAL-la oyunda da qələbə qazanaq".