Stanislav Namaşko: Moldova və Azərbaycan yığmaları bərabər gücə malikdir
AZAL-ın moldovalı qapıçısı Stanislav Namaşko noyabrın 17-də Bakıda keçiriləcək Azərbaycan və Moldova yığmaları arasındakı yoxlama matçı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Proqnoz verə bilmərəm. Amma mənə elə gəlir ki, iki bərabər səviyyəli komanda qarşılaşacaq. Yığmamızın son oyunlardakı çıxışını əsas götürsək, heç də yaxşı oynadığını demək olmaz. Azərbaycan yığması isə əksinə, son dövrlər yaxşı sürət götürüb. Hələ bu matçı izləyənlər arasında olub-olmayacağımı bilmirəm. Məsələ burasındadır ki, həmin oyun vaxtı Azərbaycan Premyer Liqasında fasilə olacaq və böyük ehtimalla evə yollanacağam".
Namaşko komandasının cari mövsümdəki çıxışından da söz açıb: "AZAL bu mövsüm heyətini demək olar ki, tam dəyişib. Konkret danışsaq, əvvəlki heyətdən yalnız mən və daha iki yerli futbolçu qalıb. Bir sözlə, komandamız bu mövsüm sıfırdan yığılıb. Fikrimcə, çempionatın startındakı uğursuz nəticələrimiz də məhz bundan irəli gəlirdi. Özümə gəlincə, əvvəlki oyunların hamısında meydanda olmuşam. İndi isə "Kəpəz"lə növbəti oyuna hazırlaşırıq. Fikrimcə, hər iki komanda üçün maraqlı oyun olacaq".