Aleksandr Quruli: İnterdən revanş almağa çalışacağıq
AZAL-ın gürcüstanlı yarımmüdafiəçisi Aleksandr Quruli Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində 13-cü turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamızda çox yaxşı atmosfer var. Hamımız yaxşı nəticə qazanmaq üçün çalışırıq. Hazırda tam olaraq "İnter"lə oyuna köklənmişik. Bu rəqibdən kiçik də olsa, revanş almaq istəyirik. Birinci dövrədə onlara qarşı çox yaxşı oynasaq da, minimal hesabla uduzmuşduq. Bu oyuna da yaxşı motivasiya ilə çıxacağıq, özümüzə inanırıq. Ümid edirəm ki, yaxşı oyun göstərib, uğur qazanacağıq. "İnter" üzərində qələbə mənim üçün daha çox xoş olacaq. Çünki bu komandada yaxın dostlarım oynayır. Onların hamısına hörmət edirəm. Amma onlar da başadüşürlər ki, futbolda qələbəni daha çox arzulayan qazanır. Onlara uğurlar arzulayıram. "İnter"də maaşların verilib-verilmədiyini bilmirəm. Bircə onu bilirəm ki, bu komandada peşəkar futbolçular çıxış edir. Onlar da qələbəyə oynayacaqlar. Turnir cədvəlində üst pillələrdəki mövqeyini qorumaları üçün bu, onlara çox vacibdir. Amma biz də yaxşı komandamızın olduğunu göstərmək istəyirik. İstənilən rəqibə qarşı oynaya, qalib gələ bilərik".