Elnur Cəfərov Böyük oyuna yetişməyə bilər
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 13-cü turunda qarşılaşacağı "Neftçi" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, "ağ-yaşıllar" bu oyuna itkilərlə çıxmalı olacaq.
Belə ki, zədəli olan Orxan Əliyevlə Adrian Skarlatakenin "Böyük oyun"da meydana çıxmayacağı hələ öncədən də bəlli idi. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Bakıda Rusiyaya qarşı oyunda (3:0) zədələnən Elnur Cəfərov da bu vacib qarşılaşmada komandasına kömək etməyə bilər. Düzdür, həkimlər onun zədəsinin ciddi olmadığını bildirmişdilər. Hazırda onlar futbolçunu mümkün qədər tam hazır etmək üçün əllərindən gələni edirlər. Amma həkimlərin sözlərinə görə, Elnurun "Neftçi"yə qarşı oynamaq şansı əllinin əlliyədir.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçı noyabrın 22-də Lənkəranda baş tutacaq.