Yunis Hüseynov: Neftçi ilə oyunda azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu qarşılaşma mövsümün ən çox gözlənilən oyunlarından biridir. Bizi maraqlı derbi gözləyir. "Neftçi"nin Lənkəranda heç vaxt qələbə qazana bilməməsi futbolçularımız üzərində təzyiq yaradır. Bu, məsuliyyət hissini daha da artırır. Buna baxmayaraq, oyuna ciddi hazırlaşırıq. Lənkəranda hava yaxşıdır. "Xəzər Lənkəran" hazırda Premyer Liqa klubları arasında ən az futbolçuya malik komandadır. Həmçinin təcrübəli futbolçularımız da azdır. Bu oyunda çoxlu azarkeş görmək istərdim. Bu oyunda heç vaxt olmadığı qədər dəstəyə ehtiyacımız var. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".