Denis Silva: Hədəfimiz bütün oyunlarda qalib gəlib, çempion olmaqdır
"İnter"in müdafiəçisi Denis Silva Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Çempionatda yaranmış fasilədən yaxşı yararlana bildiniz?
- Bəli. Uşaqların hamısı məşqlərdə səylə çalışırlar. AZAL-la qarşıdakı oyunda yaxşı nəticə qazanmaq istəyirik. Ona görə də ciddi hazırlaşırıq.
- Oyundan nə gözləyirsiniz?
- Bu oyun bizim üçün çox vacibdir. Yeganə gözləntimiz qələbədir. İnanıram ki, öz istəyimizə çatacağıq. Çünki qazanılacaq üç xal bizim turnir cədvəlində irəliləməyimizə kömək edə bilər.
- "İnter"in son üç turda heç-heçə ilə kifayətlənməsinin səbəbi nədir?
- Sadəcə, belə alındı. Hər üç oyunda biz qələbə qazanmağa daha çox yaxın idik, nəinki rəqib. Amma sonda qələbəni əldən verdik. AZAL-la oyunda bu bəxtsizliyə son qoymaq istəyirik. Çox ümid edirəm ki, bu komandaya qalib gələcəyik.
- Bəlkə pulsuzluğa görə motivasiyanız yoxdur? Pulunuzu ala bilirsiniz?
- Çox xahiş edirəm, gəlin bu barədə danışmayaq. Pul barədə danışmaq istəmirəm.
- Yaxşı. AZAL barədə nə deyə bilərsiniz?
- Bu komanda da uğurlu çıxış etmək üçün çalışır. Amma qarşıdakı oyunda biz buna imkan verməyəcəyik.
- "İnter"in bu mövsüm üçün hədəfi nədən ibarətdir?
- Bütün rəqiblərimizə qalib gəlib, çempionatın qalibi olmaq. Buna nə dərəcədə nail olacağımızı isə zaman göstərəcək.
- Keçmiş komandanız "Neftçi" cari mövsümdə çox uğursuz çıxış edir. Bu barədə nə deyə bilərsiniz?
- Bağışlayın, mən "Neftçi" barədə heç bir kəlmə danışmaq istəmirəm.