Bəhmən Həsənov: Zirə cari mövsümün ən təhlükəli komandalarından biridir
21 noyabr 2015 15:00
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən tur biz cari mövsümdə ilk qələbəmizi qazanmağa nail olduq. Özü də bu uğura "Neftçi" ilə oyunda imza atdıq. Təəssüf ki, turnir cədvəlindəki mövqeyimiz bu fakta sevinməyimizə imkan vermir. Heyətlə bağlı itkilərimiz var. Bütün bunlara baxmayaraq, "Zirə" ilə oyun üçün qarşımızda maksimum hədəflər durur. Sözügedən komanda cari mövsümün ən təhlükəli kollektivlərindən biridir. Bu komandaya, onun baş məşqçisinə hörmətlə yanaşıram. Hədəfimiz turnir cədvəlində irəliləməkdir. Bunun üçün isə qələbə qazanmağımız lazımdır".