Juninyo: Kəpəzin hədəfi Avropa Liqasına vəsiqədir
"Kəpəz"in braziliyalı yarımmüdafiəçisi Juninyo Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:3) sonra azerisprot.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Nəticə təbii ki, pisdir. Biz meydana "Qarabağ"a qalib gəlmək üçün çıxmışdıq. Uğurlu seriyamızı davam etdirmək istəyirdik. Amma alınmadı. Artıq bu oyunu unudub, qarşıdakı görüşlərə köklənməliyik.
- "Kəpəz"ə bu oyunda xal qazanmağa nə mane oldu?
- Komanda olaraq pis oynamadıq. Sadəcə, bəzi səhvlərə yol verdik. Həm də unutmamalıyıq ki, biz bu gün Azərbaycanın ən yaxşı komandasına qarşı oynayırdıq. Onların hazırda çempionata inamla liderlik etmələri də əbəs yerə deyil.
- Dario Federikonun yoxluğu çoxmu hiss olunurdu?
- Dario "Kəpəz" üçün vacib oyunçudur. Amma bu, o demək deyil ki, "Kəpəz" onsuz heç nəyə qadir deyil. Komandamızda kifayət qədər yaxşı futbolçu var. Bəli, biz "Qarabağ"a məğlub olduq. Amma öz işimizi davam etdirməliyik. Növbəti turda uğur qazanmağa çalışacağıq. Buna Dariosuz da nail ola bilərik. Buna inanıram.
- Qapınıza vurulan ikinci qol zamanı Dani Kintana demək olar ki, təkbaşına müdafiə xəttinizi asanlıqla yarıb fərqləndi. Yəni "Kəpəz"in müdafiəsi bu qədər zəifdir?
- Həmin epizodda futbolçularımız Kintananın ötürmə edəcəyini gözləyirdilər. Ona görə də ona toxunmamağa çalışıdılar. Lakin Kintana onların hamısını təccübləndirməyi bacardı və qapıçı ilə üz-üzə qalıb, qol vurdu.
- Hazırda beşinci pillədə qərarlaşdığınızı nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq şanslarınız barədə nə deyə bilərsiniz?
- Biz bu yola başlayarkən avrokuboklara düşməyi arzulayırdıq. Artıq indi hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Düzdür, buna nail olmaq asan olmayacaq. Amma biz bu istəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.