Məhəmməd Mirzəbəyov: PAOK və Krasnodara qalib gəlib, qrupdan çıxa bilərik
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- PAOK-la oyuna hazırlıq necə keçir?
- Hər şey yaxşıdır. Uşaqlar hazırdırlar. Rəqibi də analiz etməyə çalışmışıq.
- Rəqib barədə nə bilirsiniz?
- (gülür) Rəqib barədə bilməli olduğumuz hər şeyi. Onların güclü və zəif cəhətlərini öyrənmişik.
- Elə isə "Qəbələ"nin bu səfər oyununda qələbə qazanmaq şansı nə dərəcədə yüksəkdir?
- Obyektiv danışsaq, şansımız var. Son oyunlarda çox xal itirmişik. Özümüzü toparlamalı və bu tendensiyaya son qoymalıyıq.
- PAOK da son dövrlər uğursuz çıxış edir...
- Belə çıxır ki, hər iki komanda hazırda eyni vəziyyətdədir. Biz onların oyunlarını izləmişik. PAOK hətta uduzduğu oyunlarda da çox yaxşı futbol sərgiləyib.
- "Qəbələ"nin artıq xeyli müddətdir qələbə qazana bilməməsi komandada gərginlik yaratmayıb ki?
- Əlbəttə, bu, heç də xoş deyil. Amma biz vəziyyəti dəyişmək üçün əlimizdən gələni edəcəyik.
- Qrupdan çıxmaq şansınız var?
- Var. Bunun üçün həm PAOK-a, həm də Rusiya "Krasnodar"ına qalib gəlməyimiz lazımdır. Hər şey özümüzdən asılıdır. Eyni zamanda "Krasnodar"ın Almaniya "Borussiya"sı (Dortmund) ilə oyunda uduzması da lazımdır.